Azərbaycan İslamiadada 10-cu medalını qazandı
26 sentyabr 2013 13:28
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Azerisport.az xəbər verir ki, yarışlarda Azərbaycan idmançıları da öz qüvvələrini sınayırlar.
Yarışların dördüncü günündə ölkəmizi təmsil edən idmançılardan daha biri medal əldə edib. Ağır atletika yarışlarında Əfqan Bayramov ölkəmizi layiqincə təmsil edib. 77 kq çəki dərəcəsində yarışan idmançımız sonda gümüş medalla kifayətlənməli olub.
Qeyd edək ki, Bayramovdan əvvəl ağır atletikada Silviya Angelova gümüş, Zülfüqar Süleymanov isə bürünc medal qazanmışdı.
Bütövlükdə isə, Azərbaycan artıq İslamiadada 10-cu medalını təmin etmiş oldu. Üzgüçülük yarışlarında Yevgeni Lazuka 100 metr məsafərə batterflyay üsulla üzmədə bürünc, 50 metr məsafəyə yarışlarda isə gümüş medal qazanmışdı. Karate yığmamızın üzvlərindən Rafael Ağayevlə Ayxan Mamayev qızıl, Şahin Atamovla Niyazi Əliyev isə gümüş medal qazanıb. Komanda yarışlarında da karate yığmamız qızıl medal qazanıb.