İslamiadada dördüncü qızıl medal
26 sentyabr 2013 17:32
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Azerisport.az xəbər verir ki, yarışlarda Azərbaycan idmançıları da öz qüvvələrini sınayırlar.
Yarışların dördüncü günündə ölkəmizi təmsil edən idmançılardan daha biri medal əldə edib. Üzgüçülük yarışlarında Boris Kirillov çempion olub. O, 200 metr məsafəyə hamıdan tez üzməklə qızıl medal qazanıb.
Bununla Azərbaycan İslamiadada 12-ci medalını təmin etmiş oldu. Üzgüçülük yarışlarında Yevgeni Lazuka 100 metr məsafərə batterflyay üsulla üzmədə bürünc, 50 metr məsafəyə yarışlarda isə gümüş medal qazanmışdı. Karate yığmamızın üzvlərindən Rafael Ağayevlə Ayxan Mamayev qızıl, Şahin Atamovla Niyazi Əliyev isə gümüş medal qazanıb. Komanda yarışlarında da karate yığmamız qızıl medal əldə edib. Ağır atletika yarışlarında isə Silviya Angelova və Əfqan Bayramov gümüş, Zülfüqar Süleymanovla Namiq Cəlilov bürünc medal qazanmışdı.
Qeyd edək ki, Azərbaycan idmançıları 4 qızıl, 5 gümüş və 3 bürünc medalla İslamiadada ümumi hesabda 6-cı yerdədi.