İslamiadada medallarımızın sayı 9-a çatdı
26 sentyabr 2013 01:09
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Azerisport.az xəbər verir ki, yarışlarda Azərbaycan idmançıları da öz qüvvələrini sınayırlar.
Yarışların üçüncü günündə ölkəmizi təmsil edən idmançılardan daha biri medal əldə edib. Üzgüçülük yarışlarında 100 metr məsafərə batterflyay üsulla üzmədə Yevgeni Lazuka bürünc medal qazanıb. Lazukanın bir gün öncə 50 metr məsafəyə baterflyay üsulla üzmədə gümüş medal qazanması barədə xəbər vermişdik. Sentyabrın 25-də idmançımız 55.05 saniyə nəticə ilə özünün 2-ci, komandamızın isə 9-cu medalına layiq görülüb.
Qeyd edək ki, Lazukanın qazandığı bu iki medaldan başqa, Azərbaycanın hesabında daha 7 medal var. Karate yığmamızın üzvlərindən Rafael Ağayevlə Ayxan Mamayev qızıl, Şahin Atamovla Niyazi Əliyev isə gümüş medal qazanıb. Komanda yarışlarında da karate yığmamız qızıl medal qazanıb. Azərbaycana İslamiadada daha bir medalı (gümüş) ağır atletika yığmamızın üzvü Silviya Angelova qazandırıb. Ağır atletika yığmamızın digər üzvü Zülfüqar Süleymanov isə bürünc medalla kifayətlənib.