Azərbaycan İran üzərində qələbə ilə üçüncü qızıl medalını qazandı
25 sentyabr 2013 13:36
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Azerisport.az xəbər verir ki, yarışlarda Azərbaycan idmançıları da öz qüvvələrini sınayırlar.
Yarışların üçüncü günündə daha bir medal əldə olunub. Buna yenə karate üzrə yığma komandamız nail olub. Bu dəfə komanda yarışlarında qüvvəsini sınayan millimiz finalda İran yığmasına qalib gələrək, qızıl medala sahib çıxıb.
Bu, Azərbaycanın İslamiadada qazandığı səkkizinci (üçüncü qızıl) medaldı. Karate yığmamızın üzvlərindən Rafael Ağayevlə Ayxan Mamayev qızıl, Şahin Atamovla Niyazi Əliyev isə gümüş medal qazanmışdı. Üzgüçülük yığmamızın üzvü Yevgeni Lazuka gümüş əldə edib. Azərbaycana İslamiadada daha bir medalı (gümüş) ağır atletika yığmamızın üzvü Silviya Angelova qazandırıb. Ağır atletika yığmamızın digər üzvü Zülfüqar Süleymanov isə bürünc medalla kifayətlənib.