Zemfira Meftahətdinova: Аni məqam hər şeyi dəyişə bilər
2 dekabr 2013 13:13

Olimpiya çempionu Zemfira Meftahətdinova gələn il üçün planlarını açıqlayıb. Azerisport.az saytının müxbiri ilə söhbətdə, təcrübəli idmançı bildirib ki, gələn mövsüm onu ciddi sınaqlar gözləyir və çalışıb dünya reytinqində bacardıqca irəliləyəcək.
“Sulutəpədə yerləşən bazada məşqlərimizi davam etdiririk. Komanda baş məşqçi Hafiz Cəfərovun rəhbərliyi ilə trap və skit proqramı üzrə intensiv hazırlaşır.
Qadın stend atıcılarından ibarət komandamız fevralda Qətərin paytaxtı Dohada iki həftəlik təlim-məşq toplanışı keçəcək. Oradan Qran-pri yarışında iştirak etmək üçün qonşu Küveytə yollanacağıq. Skit növündə millinin heyətində məndən başqa, qızım Regina Meftahətdinova və Nurlanə Cəfərova yer alıblar.
Gələn mövsüm də dünya kubokunun mərhələlərində mübarizə aparacağam. Bundan savayı, Macarıstanda təşkil olunacaq Avropa çempionatı və İspaniyada keçiriləcək dünya çempionatında iştirak edəcəyəm.
Gələn ilin payızında isə, Dünya Kubokunun final mərhələsi Azərbaycanda keçiriləcək. Bu yarışın təşkili ya Bakıda, ya da Qəbələdə nəzərdə tutulub. Yaxın gələcəklə bağlı, indidən heç nə deyə bilmərəm. Bu, idmandır. Bir ani məqam hər şeyi dəyişə bilər”.
Qeyd edək ki, xanım stend atıcımız sərbəst güləşçi Namiq Abdullayevdən sonra, ölkəmizin ikinci ən titullu idmançısıdır. O, qızıl medalları dəst olan yeganə atletdir. Zemfira Meftahətdinovanın mükafat boxçasında olimpiya “qızıl”ı və “bürünc”ü, ikiqat dünya və yeddiqat Avropa çempionluğu var.
Nəzərinizə çatdıraq ki, skit proqramında kişilərdən ölkəmizi millimizin baş məşqçisinin oğlu Emin Cəfərov təmsil edir. Trapda isə, Elvin İsmayılov və Alina Rəfixanova çıxış edirlər.