Gümüş və bürünc medalların da sahibi müəyyənləşdi
17 oktyabr 2012 15:58
Bakıdakı Otüstü Hokkey Kompleksində şənbə günü yüksək dəstədə yarışan kişilərdən ibarət “Akkord”(Bakı) və Sumqayıtın “Gənclik” komandaları ölkə çempionatının növbəti turunda meydana çıxıblar. Azerisport.az xəbər verir ki, Sumqayıtın yeniyetmə hokkeyçiləri bu oyunda da artıq yenidən ölkə çempionluğunu rəsmləşdirən “Akkord” qarşısında aciz qalaraq böyük hesabla məğlub olublar - 1:10.
“Gənclik” komandasının qapısından topları Saleh Balamiyev (5), Samir Bəkirov (2), Taleh Əliyev, Rauf və Rüfət Şükürov qardaşları keçiriblər. Sumqayıtlılardan isə təsəlli qolunun müəllifi Zamin Cəfərov olub. Çempionatın gümüş medallarına nəzəri cəhətcə iddiası olan Qusarın “Şahdağ” klubu hazırda 2-ci yerdə qərarlaşan “Atasport”la oyunda mütləq qələbə qazanmalı idi. Şimal bölgəsi təmsilçilərinin ilk dəqiqələrdən rəqibinə ciddi müqavimət göstərməsi bu istəyin reallaşacağından xəbər verirdi. Lakin, Abbas Nəsirovun standart cərimə zərbəsindən “Atasport”u hesabda irəli çıxarması vəziyyəti bir qədər çətinləşdirib. Bu azmış kimi, Əli Nadirov 2-ci topu da qapıdan keçirb. Belə düşünmək olardı ki, artıq matçın müqəddəratı həll olunub. Ancaq 2 dəqiqə ərzində “Şahdağ”ın oyunçusu Zamin Hacıağayev rəqib qapısına 2 qol vuraraq tarazlığı bərpa edib. Fasiləyə qədər Aleksandr Fomin "Atasport"u hesabda yenidən irəli çıxarıb. İkinci hissədə tərəflərin səyinə baxmayaraq 3:2 hesabı dəyişməz qalıb. Bununla da prinsipial oyun Qusar hokkeyçilərinin “gümüş” medal qazanmaq istəyinin üstündən xətt çəkib. Sona 2 tur qalmış bu komandalar arasındakı 7 xal fərqini aradan qaldırmaq mükünsüz olduğundan “Atasport”un ikinci, “Şahdağ”ın isə üçüncü yer tutması rəsmiləşib.
Hazırda 10 oyundan 28 xal toplayan “Akkord” çempion kimi özünü yarış cədvəlinin önündə xeyli rahat hiss edir. Aktivində 18 xalı olan “Atasport” cədvəldə 2-ci yerdədi. “Şahdağ” 11 xalla 3-cü pilləni tutur. “Gənclik” komandası isə keçirdiyi 10 oyunun hamısında məğlubiyyətə uğrayaraq sonuncu - dördüncü yerdədi.
Bakı Otüstü Hokkey Kompleksində ilk olaraq meydan qadın hokkeyçilərin sərəncamına verilib. Əvvəlcə “Atasport-2” və “Sumqayıt” komandaları qarşılaşıb. Bu görüşdə paytaxt təmsilçilərinin qələbə qazanacağı heç kimdə şübhə doğurmurdu. Təcrübə fərqi özünü matçın hesabında da göstərib. Rəqib qapısına yol tapa bilməyən sumqayıtlılar yekunda 0:7 hesabı ilə uduzublar. “Ataspot-2” komandasından topların 4-nün müəllifi Amaliya Həsənova olub. Daha 3 topu isə rəqib qapısından Səbinə Ağayeva keçirib. Sonra meydana Qusarın “Samur” və artıq ötən turdan I yeri özünə təmin edən “Bakı” komandaları çıxıb. Şimal bölgəsinin təmsilçiləri matçın əvvəllərində rəqiblərinə müqavimət göstərməyə çalışsalar da təcrübə öz sözünü deyib. Birinci hissəni 2:0 hesabıyla öz xeyrinə başa vuran “Bakı” fasilədən sonra da meydanda üstün tərəf olub. Rəqib qapısından daha 3 qol keçirən paytaxt təmsilçisi 5:0 hesabı ilə qələbə qazanıb. “Bakı” komandasından topların 2-sinin müəllifi Rəna Mehdiyeva olub. Digər topları isə “Samur”-un qapısından Aytac Şirəliyeva, Xalidə Zeynalova və Nərgiz Novruzova keçiriblər. Ədalət naminə deməliyik ki, ölkə çempionatında çıxış etməsinin cəmi 2 il olmasına baxmayaraq “Samur” komandası çempionumuza layiqli müqavimət göstərə bilib. Məşqçi Fəryad Mərdanovun yetirmələri ən azı 5 real qol vəziyyəti yarada bilsələr də təcrübəsizlikdən bu imkanlardan istifadə edə bilməyiblər. Amma bu komandanın ölkə çempionatında III yer tutmasının özü də yüksək nəticədir. Qusarın digər təmsilçisi “Şahdağ” klubu isə bu turda çempionatdakı çıxışlarını dayandıran “Xəzər”(Lənkəran) komandası ilə oyuna görə texniki qələbə əldə edib.
Beləliklə 9 oyundan sonra aktivində 27 xalı olan “Bakı” komandası yarış cədvəlinin önündədir. “Atasport-2” 21 xalla 2-ci sıradadır. “Samur” 9 oyundan 18 xalla 3-cü, “Sumqayıt” isə 9 xalla 4-cü yerləri tuturlar. Turnir cədvəlində 5-ci yerdə qərarlaşan “Şahdağ”(Qusar) 9 oyundan 6 xal toplaya bilib. Son pillədəki “Xəzər” komandası isə qeyd etdiyimiz kimi, 1 xal belə qazana bilməyərək çempionatın II dövrəsindəki çıxışlarını dayandırıb. Qadın otüstü hokkeyçilər arasında oktyabrın 20-də keçiriləcək oyunlardan sonra saat 15.00-da mükafatlandırma mərasimi olacaq.
Oktyabrın 14-də I dəstədə mübarizə aparan kişilərdən ibarət komandalar da növbəti turda meydana çıxıblar. Oyunlarını Bakıda keçirən Sumqayıtın “Təhsil” və “Şəki” komandalarının görüşündə sumqayıtlı hokkeyçilər 14:0 hesabı ilə qələbə qazanıblar. “Gəncə” - “Kür” (Mingəçevir) matçında Mingəçevirli hokkeyçilər məğlub olublar - 1: 2.
I dəstənin “A” qrupunda bir xal belə itirməyən “Təhsil” komandası 30 xalla cədvəlin önündədir. Gəncə hokkeyçiləri 21 xalla II yeri tuturlar. Aktivində 9 xalı olan “Kür” 3-cü sıradadır. “Şəki” komandası isə bütün oyunlarda uduzaraq sonuncu pillədədir.
Bazar günü Masallı Olimpiya İdman Kompleksində yarışan cənub bölgəsi təmsilçiləri də 10-cu turun oyunlarını keçiriblər. Nəticələr belədir:
“Xəzər”(Lənkəran) - “Astara” – 2:0
“Olimp”(Masallı) – “Göytəpə”(Cəlilabad)-5:3
“B” qrupunda “Olimp” də bütün oyunlarda qalib gələrək 30 xalla I yeri tutur. “Göytəpə” 18 xalla II yerdədir. “Xəzər” 10 xalla 3-cü sıradadır. 4-cü yerdə qərarlaşan “Astara” komandasının aktivində 3 xalı var.
Ölkə çempionatında növbəti turun oyunları oktyabrın 20-də və 21-də keçiriləcək. .