Sona 3 tur qalmış yeni ölkə çempionu bəlli oldu
12 oktyabr 2012 17:54
Bakıdakı Otüstü Hokkey Kompleksində şənbə günü ölkə çempionatının II dövrəsinin növbəti turunun 2 oyunu keçirilib. Azerisport.az xəbər verir ki, ilk olaraq meydana yüksək dəstədə yarışan kişilərdən ibarət “Atasport”(Bakı) və Sumqayıtın “Gənclik” komandaları çıxıblar.
Sumqayıtın yeniyetmə hokkeyçiləri bu oyunda da rəqibi qarşısında aciz qalaraq böyük hesabla məğlub olublar- 1:10. “Gənlik” komandasının qapısından ilk topu 5-ci dəqiqədə Əhməd Quliyev keçirib. Daha sonra Əli Nadirov və Aqil Məmmədov hərəyə 3 qolun müəllifi olublar. Abbas Nəsirov, Ruslan Kargin və Sahib Mirzəyev isə hərəyə 1 dəfə fərqləniblər. Sumqayıtlılardan isə təsəlli qolunun müəllifi Fərid Abbaszadə olub. Çempionluğun bir addımlığında olan “Akkord” və Qusarın “Şahdağ” klublarının oyununda şimal bölgəsi təmsilçilərinin liderə müqavimət göstərəcəyi təxmin edildiyindən matçın ilk dəqiqələri kifayət qədər gərgin keçib. Fasiləyə qədər Saleh Balamiyevin vurduğu yeganə qol birinci hissənin hesabını müəyyənləşdirib. Fasilədən sonra “Akkord”un ounçuları -Samir Bəkirov(2), Rauf Şükürov, Saleh Balamiyev və Taleh Əliyev rəqib qapısından hərəyə 1 qol keçirərək 6:1 hesablı qələbə qazanıblar. “Şahdağ” komandasından yeganə təsəlli qolun müəllifi isə Fətulla Rzaxanov (penalti zərbəsi) olub.
Hazırda 9 oyundan 25 xal toplayan “Akkord” ölkə birinciliyinin başa çatmasına 3 tur qalmış 5-ci dəfə çempion adına layiq görülüb. Aktivində 15 xalı olan “Atasport” cədvəldə 2-ci yerdədir. “Şahdağ” 11 xalla 3-cü pilləni tutur. “Gənclik” komandası isə keçirdiyi 9 oyunun hamısında məğlubiyyətə uğrayaraq sonuncu - IV yerdədir.
Bazar günü ölkə çempionatında daha 5 oyun keçirilib. Bakıda ilk olaraq meydan qadın hokkeyçilərin sərəncamına verilib. Əvvəlcə “Bakı” və “Sumqayıt” komandaları qarşılaşıb. Bu oyunda sumqayıtlıların qələbəsi onların yekunda nəzəri cəhətcə 3-cü yeri tutmasına imkan yaradırdı. Odur ki, matçın ilk dəqiqələri gərgin mübarizə şəraitində keçib. Lider yalnız 19-cu dəqiqədə hesabı aça bilib. “Bakı” klubunun oyunçusu Xalidə Zeynalova fərqlənib. Komandalar elə minimal hesabla da fasiləyə yollanıblar. İkinci hissədə “Bakı” klubu Əminə Sadıqova və Nərgiz Novruzovanın vurduqları qollar sayəsində hesabı 3:0 -a çatdırıb. Görüşün başa çatmasına 2 dəqiqə qalmış Sumqayıt hokkeyçisi Fəranə Namazova təsəlli qoluna imza atmaqla hesab arasındakı fərqi 2 topa endirib. Beləliklə, “Bakı”-“Sumqayıt” qarşıdurması paytaxt təmsilçilərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.Sonra meydana Qusarın “Şahdağ” və “Samur” komandaları çıxıb. “Bürünc” medallara iddialı olan “Samur” hokkeyçiləri birinci dövrədə bu rəqibə 6:0 hesabı ilə qalib gəldiklərindən meydana bir qədər arxayın çıxmışdılar. Elə buna görə də Qusar derbisində uzun müddət qapılara qol vurulmayıb. Birinci hissənin son dəqiqəsində Günel İsmayılova “Samur”u hesabda irəli çıxarıb. Fasilədən sonra Günel İsmayılova ikinci, Kəmalə Qazıxanova və Günay İsmayılova isə həryə 1 qol vuraraq prinsipial oyunu 4:0 hesablı qələbə ilə öz xeyirlərinə başa vurublar.
Aktivində 24 xalı olan “Bakı” komandası liderliyini davam etdirir. “Atasport-2” və “Samur” 8 oyundan 18 xalla müvafiq olaraq II və III yerləri tuturlar. Topların daha yaxşı fərqinə görə “Atasport-2” 2-ci sıradadır. “Sumqayıt” 9 xalla 4-cü yeri tutur. Turnir cədvəlində 5-ci yerdə qərarlaşan “Şahdağ”(Qusar) 8 oyundan cəmi 3 xal toplaya bilib. Son pillədəki “Xəzər” komandası isə 1 xal belə qazana bilməyərək çempionatın II dövrəsindəki çıxışlarını dayandırıb. Oktyabrın 7-də I dəstədə mübarizə aparan kişilərdən ibarət komandalar da növbəti turda meydana çıxıblar. Oyunlarını Bakıda keçirən Sumqayıtın “Təhsil” və “Kür” komandalarının görüşündə sumqayıtlı hokkeyçilər 10:0 hesabı ilə qələbə qazanıblar. “Gəncə” - “Şəki” matçında Şəki hokkeyçiləri yenə də məğlub olublar - 0: 2.
I dəstənin “A” qrupunda bir xal belə itirməyən “Təhsil” komandası 27 xalla cədvəlin önündədir. Gəncə hokkeyçiləri 18 xalla II yeri tuturlar. Aktivində 9 xalı olan “Kür” 3-cü sıradadır. “Şəki” komandası isə bütün oyunlarda uduzaraq sonuncu pillədədir. Bazar günü Masallı Olimpiya idman kompleksində yarışan cənub bölgəsi təmsilçiləri də 8-ci turun oyunlarını keçiriblər. Nəticələr belədir:
“Xəzər”(Lənkəran) - “Göytəpə”(Cəlilabad)– 0:7
“Astara” – “Olimp”(Masallı) – 0:7
“B” qrupunda “Olimp” də bütün oyunlarda qalib gələrək 27 xalla I yeri tutur. “Göytəpə” 18 xalla II yerdədir. “Xəzər” 7 xalla 3-cü sıradadır. 4-cü yerdə qərarlaşan “Astara” komandasının aktivində 3 xalı var.
Ölkə çempionatında növbəti turun oyunları oktyabrın 13-də və 14-də keçiriləcək.