Yığmamız meydan sahiblərinə divan tutdu
20 iyul 2012 02:16
Portuqaliyanın Lissabon şəhərində 21 yaşınadək oğlanlar və qızlar arasında qitə birinciliyi davam edir. Oğlan hokkeyçilərimizin Cəbəllütariq yığması ilə start oyununu 1:1 hesabı ilə bitirməsi və ikinci turda Portuqaliya təmsilçilərinə 0:5 hesabı ilə uduzması barədə məlumat vermişdik.
Ötən gün mübarizəyə qoşulan qızlardan ibarət seçmə komandamız oğlanlardan fərqli olaraq, bizi ilk qələbələri ilə sevindirməyi bacarıblar. Baş məşqçi Ceyhun Mirzəyevin rəhbərliyi altında qızlarımız yarış sahibləri – Portuqaliya hokkeyçiləri ilə qarşılaşıb. Hər hissədə 3 qol vuran və öz qapısından birini buraxan yığmamız yekunda 6:2 hesabı ilə qələbə qazanıb. Rəqib qapısına vurulan qolların 4-nün müəllifi Rəna Mehdiyeva olub. Digər 2 topu isə rəqib qapısından Fəridə Məmmədova və Amaliya Həsənova keçiriblər.
Qızlardan ibarət komandamız bu gün ikinci turda qardaş Türkiyə təmsilçilərinə gücünü göstərəcək. Şənbə günü oğlanlarımız Yunanıstan, qızlarımız isə İrlandiya yığması ilə qarşılaşacaq. İyulun 22-də qitə birinciliyinə yekun vurulacaq.