Bakı fasiləyə 12:0-lıq qələbə ilə çıxdı
25 may 2012 13:32
Qadın otüstü hokkeyçilərimiz ölkə çemionatında fasiləyə çıxıblar. Azerisport.az xəbər verir ki, sayca XI Azərbaycan çempionatının birinci dövrəsinə yekun vurulub. Son yarış günü qadınların təxirə salınan 1 oyunu keçirilib.
Qusarın “Şahdağ” və “Bakı” komandalarının qarşılaşmasında kimin qalib gələcəyi bəlli olsa da, paytaxt hokkeyçilərinin neçə qol vuracağı məlum deyildi. Təxirə salınan oyuna görə bir həftəlik liderliyi əldən verən “Bakı” bütün acığını “Şahdağ”dan çıxıb.
İlk hissədə 3:0 hesabı ilə irəlidə olan məşqçi Səadət Zəkiyevanın yetirmələri fasilədən sonra daha fəal oynayaraq hesabı 12:0-a çatdırıblar.”Bakı” komandasının üzvü Aygün Muxtarova vurulan qolların 8-nin müəllifi olub. Digər topları rəqib qapısından Aytac Şirəliyeva (2), Gülər Aydınlı (1) və Rəna Mehdiyeva (1) keçiriblər.
Beləliklə, I dövrədən sonra qadınların yarış cədvəlində “Bakı” 15 xalla 1-ci, “Atasport-2” 12 xalla 2-ci, Qusarın “Samur” komandası isə 9 xalla 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, ikinci dövrənin oyunları sentyabr ayında start götürəcək.