Hərbçilərimiz güləş üzrə 31-ci dünya çempionatına yollanır
Sentyabrın 19-dan 25-dək Makedoniyada Beynəlxalq Hərbi İdman Şurasının himayəsi altında güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışlar yunan-Roma və sərbəst güləş növləri üzrə təşkil olunacaq.
Çempionata Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə 21 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti də qatılacaq.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) fəal üzvüdür. Mərkəzi Ordu İdman Klubunda idmanın 15 növü üzrə bölmələr fəaliyyət göstərir və bu bölmələrdə bütün yaş qrupları üzrə məşqlər keçirilir. Azərbaycan milli komandasının əksər üzvləri Mərkəzi Ordu İdman Klubunun təmsilçiləridir.
Beynəlxalq Hərbi İdman Şurasının xətti ilə keçiriləcək növbəti 31-ci dünya çempionatına inamla hazırlaşan idmançı zabit, gizir və qulluqçular, eləcə də idman fəalları respublikamızın ən mötəbər idman federasiyalarında təlim-məşq toplanışları keçiblər. (MOIK)