Elxan Abdullayev: Zirəyə 3 qol vurduğumuz kimi, buraxa da bilərik
20 dekabr 2016 13:00
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"3:0 cavab matçı öncəsi kifayət qədər komfortlu nəticədir. Amma işin hələ yarısı görülüb. Buna görə də cavab oyununa məsuliyyətlə yanaşırıq. "Zirə"yə 3 qol vurmuşuqsa, o qədərini də buraxa bilərik. Arxayınlaşmaq olmaz. Kubok bizim üçün önəmli turnirdir. Topaz Premyer Liqasında çox xal itirsək də, orada da mübarizəmizi sonadək davam etdirəcəyik. Amma hazırda bizim üçün daha önəmli olan kubokda uğurlu çıxış etməkdir. Sabah meydanda var gücümüzü qoymağa çalışacağıq".