Denis Silva: Qarabağa qarşı necə oynamaq lazım olduğunu bilirik
"İnter"in müdafiəçisi Denis Silva Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (0:0) sonra azerisport.az saytının da suallarını cavablandırıb:
- Matçla bağlı fikirləriniz?
- Diqqətli oynadıq. İmkan düşdükcə hücum etdik, qol vurmağa çalışdıq. Amma 0:0 da pis nəticə deyil.
- Epizodların birində siz topu düz qapı xətti üzərindən qaytardınız...
- Yaxşı ki, komandamı qoldan xilas edə bildim. Şadam ki, lazım olan yerdə idim.
- Heç-heçə üçüncü yerdə gedən "İnter" üçün nə dərəcədə uğurlu nəticə sayıla bilər?
- "Qarabağ" güclü komandadır. Bu rəqiblə oyunda müdafiə olunmaq lazım gəlir. Buna görə də heç-heçəni yaxşı nəticə sayıram. Çünki ən azından bir xal qazandıq.
- Soyuq hava oyununuza nə dərəcədə təsir göstərdi?
- Soyuq hava da az problem yaratmadı. Buna görə də ikinci hissəni daha çox müdafiədə keçirməli olduq.
- "İnter" yeganə komandadır ki, bu mövsüm "Qarabağ"dan iki oyunda 4 xal alıb...
- Yaxşı komanda yaratmışıq, kollektivimizdə mehribanlıq var. Legionerlərin sayı azdır. "Qarabağ"a qarşı necə oynamaq lazım olduğunu bilirik.
- Qarşıda "Kəpəz"lə kubokun cavab 1/4 final oyunu var...
- Bu oyunda hər şey baş verə bilər. Amma biz yarımfinala vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Yeni ili necə qeyd etməyə hazırlaşırsınız?
- Bakıda qalmayacağam. Amma Braziliyaya da getmirəm. Bəhreynə gedəcəyəm. Orada dostum var. 5-6 gün istirahət edəcəyəm.