Reynaldo: Qarabağla hədəfim çempionluqdu (FOTO)
6 fevral 2013 16:16
“Qarabağ” qış transfer pəncərəsində transferə doymur. Azerisport.az xəbər verir ki, daha öncə Kristian Torres, Elvin Musazadə, Branimir Subaşiçi sıralarına qatan komanda daha bir keçidi reallaşdırıb.
Belə ki, “Qarabağ” Belçikanın ən məşhur klubu olan “Anderlecht”dən Reynaldo Dos Santos Silvanı transfer edib. Qısaca Reynaldo adlanan braziliyalı 1989-cü il təvəllüdlüdü. Ön xəttdə universal oyunu ilə seçilən forvard 19 yaşında “Anderlecht”ə transfer olunub. Son 2 mövsümdə yüksək liqada “Serkl Brügge” və “Vesterlo”da çıxış edən Reynaldo parlaq çıxışla yadda qalıb. Brügge təmsilçisində klubun bombardiri olan Reynaldo bu mövsüm yenidən “Anderlecht”ə qayıtmışdı. “Qarabağ” Reynaldonu məhz adıçəkilən klubdan transfer edib. Braziliyalı ilə 3 illik müqavilə imzalaınb.
Reynaldo klub saytına açıqlamasında ilkin təəssüratlarını bölüşüb: “Qarabağ” mənimlə maraqlananda komanda haqqında məlumat topladım. Klubun layihəsi diqqətimi cəlb etdi. “Qarabağ”ın daim avrokuboklarda oynamaq istəyini, hədəflərini bildikdən sonra yeni klubumda oynamağa qərar verdim. Klub funksionerləri ilə danışıb komandanın layihəsinin bir parçasına çevrilməyə razılıq verdim. Artıq Bakıdayam. Klubun çalışanları məni olduqca isti qarşıladılar. Hiss olunur ki, burda tam başqa abu hava höküm sürür. Bilirəm ki, “Qarabağ”ın cari mövsüm ən böyük hədəfi çempionluqdu. Turnir cədvəlinə baxdıqda bunun heç də əlçatmaz olmadığını görürük. “Qarabağ”da uğur qazanmaq istəyirəm. “Qarabağ”ın matçlarının videogörüntülərini izləmişəm. Komandam baxımlı, texnikalı futbol oynayır. Azarkeşlərə zövq verən futbol yaşatmağa çalışacağıq. İnanıram ki, mövsümün sonunda çempionluq sevinci yaşayacağıq”.