Azərbaycan kanoe-slalomçusu Avropa çempionatında finala yüksələ bilmədi
Azərbaycan kanoe-slalomçusu Yure Meqliç Slovakiyanın Liptovski-Mikulaş şəhərində keçirilmiş Avropa çempionatında çıxış edib. Azerisport.az xəbər verir ki, 32 yaşlı idmançı 1 nəfərlik kayak qayığı ilə mübarizə aparıb.
Seçmə yürüşdə o, 4 cərimə edib və yekunda 95,26 xalla 60 iştirakçı arasında 29-cu olub. Bu nəticə Meqliçə yarımfinal mərhələsinə vəsiqə qazandırıb.
Növbəti mərhələdə də təcrübəli slalomçu 4 cəriməyə yol verib. Beləliklə, o, 98,98 xalla 24-cü yeri tutub. Bu nəticə Meqliçin 10 ən güclünün yarışdığı finala yüksəlməsinə imkan verməyib.
Avropa çempionatı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb. Meqliç bu vəsiqəni hələ ötənilki dünya çempionatında qazandığından, qitə çempionatında təcrübəsini artırmaq və olimpiadaya hazırlıq səviyyəsini bir daha nəzərdən keçirmək üçün qatılıb.
Qeyd edək ki, Avropa çempionu adını çexiyalı İrji Prskavets qazanıb. Prskavets 2 cəriməyə yol versə də, 91,44 xal yığıb. Onun həmyerlisi Vavrinets Hradilek cəriməsiz və 91,45 xalla gümüş, almaniyalı Hans Ayqner cəriməsiz və 91,91 xalla bürünc medal qazanıb.