Karuana: Vüqar Həşimov Memorialı hələ ki, mənim üçün uğurla start götürüb
Şəmkirdə Vüqar Həşimovun xatirəsinə keçirilən "ShamkirChess 2016" superturnirinin dördüncü turunda daha bir görüş başa çatdı. Bu turda turnirin reytinq-favoriti olan İtaliya şahmatçısı Fabiano Karuana Azərbaycan qrossmeysteri Rauf Məmmədov üzərində qələbə qazandı.
Təmsilçimiz Rauf Məmmədov oyunun təəsuratları haqda danışaraq bunları dedi: "Fabiano Karuana dünyanın reytinq sıralamasında 2-ci yerdə yerləşir. Onunla oyundan mən zövq aldım və bir çox ideyaları, mövqe baxışları öyrəndim. Oyunumuz gərgin keçdi, mən açılışda aktiv oynadım, rəqib şahınının piyada strukturunu dağıtdım, amma bu lazımi nəticə vermədi. Yaranmış sonluq mənim üçün pis oldu və mən uduzdum".
Fabiano Karuana isə cavab olaraq dedi: "Rəqibim İtalyan oyununu seçdi. Nadir bir istiqamətə yönləndiridi. Yaranmış mövqedə mən daha yaxşı gedişlər tapdım, yaxşı sonluq əldə etdim və rəqibimi çıxılmaz vəziyyətdə salaraq məğlub etdim. Ümumiyyətlə qeyd edim ki, Vüqar Həşimov Memorialı hələ ki mənim üçün uğurla start götürüb".