Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib
Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib. Azerisport.az Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Kristal Zalına gələrək yarışların keçirildiyi zala baxıb, şahmatçıların oyunlarını izləyib.
Leyla Əliyeva əvvəlcə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov ilə görüşüb, Olimpiadanın gedişi barədə onunla söhbət edib.
FİDE-nin prezidenti Azərbaycanın bu Olimpiadaya uğurla ev sahibliyi etməsini yüksək dəyərləndirib. Qeyd edib ki, Azərbaycanda təkcə şahmata deyil, ümumilikdə idmanın inkişafına böyük diqqət yetirilir.
Sonra jurnalistlərin suallarını cavablandıran Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib ki, idmançılarımızın bu yarışlarda qazandıqları uğurlar şahmatın ölkəmizdə daha geniş vüsət almasına təkan verib. Leyla Əliyeva deyib ki, ölkəmizin bütün bölgələrində uşaq şahmat məktəblərinin fəaliyyətə başlaması Azərbaycanda şahmata göstərilən xüsusi diqqətin təzahürüdür. Ölkəmizdə keçirilən bu Olimpiada da şahmatın təbliğinə layiqli töhfəsini verəcək.
Daha sonra Leyla Əliyeva Olimpiadanın sərgi salonuna baxıb.