Məmmədyarov: Məğlubiyyəti nəzərə almasaq...
Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 turnirində IV turun oyunları başa çatıb. Azerisport.az xəbər verir ki, Synergy Group-un təşkilatçılığıyla keçirilən yarışın hesabat turunda Şəhriyar Məmmədyarov Hollandiya təmsilçisi Aniş Giriylə heç-heçə oynayıb. Partiyadan sonra hər iki şahmatçı mətbuat konfransında suallara cavab verib.
Şəhriyar Məmmədyarov: "Maraqlı oyun alındı. Tomaşevskiylə oynadığım partiyaya oxşayırdı. İstəyirdim uğur qazanım. Sadəcə, oyunun gedişində aşkar üstünlük hiss olunmadı. Buna görə heç-heçəyə razılaşdım. 4 turdan sonra müəyyən fikir söyləmək olar. Karlsenə məğlubiyyəti nəzərə almasaq, nəticə normaldır. Sadəcə, daha yaxşı oynamaq lazımdır. Növbəti 5 turda xal qazanmalıyam".
Aniş Giri: "Şəmkirdə bir sıra maraqlı oyunların şahidi oluruq. Sadəcə, keyfiyyət baxımından oyunum bəzən alınmır. Məmmədyarov təzyiqi artırmaq istəyirdi. Buna imkan vermədim. Heç-heçə oyuna uyğun nəticə oldu".