Fabiano Karuana: Karlsen də olsaydı heç nə edə bilməzdi
Synergy Group-un təşkilatçılığıyla keçirilən mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində 2-ci turda İtaliya təmsilçisi Fabiano Karuana qara fiqurlarla İngiltərə şahmatçısı Maykl Adamsla heç-heçə oynayıb. Azerisport.az xəbər verir ki, Adams partiyanı belə şərh edib:
"Fərqli gedişlər etmək istədim. Sadəcə, alınmadı. Heç-heçə ədalətli nəticə oldu. Karuana təzyiq etmək istəsə də, partiya heç-heçəyə gedirdi".
Fabiano Karuana da həmkarının dedikləriylə razılaşıb. Bir müddət düşündüyünü deyən Karuana vəziyyətdən çıxış yolu tapmadığını deyib: "Müəyyən gedişlər etmək istədim. Lakin partiya heç-heçəyə gedirdi. 10 dəqiqəyə yaxın düşündüm, amma lazımi gedişi tapa bilmədim. Heç-heçəyə erkən razılaşmağımla bağlı fikirlərlə razı deyiləm. Belə partiyada Maqnus Karlsen də olsa, heç nə edə bilməzdi".