Aleksandr Xalifman millidən gedir?
Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Aleksandr Xalifmanla müqavilə artırılmayıb. Azerispor.az xəbər verir ki, 2014-cü ilin sonuna qədər olan razılaşma başa çatıb və Azərbaycan Şahmat Federasiyasından heç kim müqavilənin artırılacağını söyləməyib.
Bu barədə məlumatı Aleksandr Xalifman verib: "Azərbaycan şahmatçılarıyla tez-tez əlaqə yaradırıq. Onların çıxışını izləyirəm. Sadəcə hazırda mən millinin kapitanı deyiləm. 2014-cü ilin sonunda razılaşma başa çatdı və mənimlə ondan sonra heç kim əlaqə saxlamadı. 2015-ci ildə yığma üçün əsas yarış komandalar arasında Avropa çempionatı olacaq. Mən bilmirəm işimi davam etdirəcəm ya yox. Bakıya ilk dəfə səfərim zamanı Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovla görüşmüşdüm. O demişdi ki, əsas məqsəd komandanın 2016-cı ildə Bakıda keçiriləcək şahmat olimpiadasına kompleks halında hazırlamaqdır. Biz bunun üçün çalışırdıq. Azərbaycan millisində işləmək maraqlıdır. Amma indi mənə məlum deyil, federasiya mənimlə işi davam etdirəcək ya yox".
Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi 2013-cü ildə Aleksandr Xalifmanın rəhbərliyi altında komandalar arasında Avropa çempionatının qalibi olub. Ötən il yığma şahmat olimpiadasında 5-ci yeri tutmaqla tarixinin ən yaxşı nəticəsini rəsmiləşdirib.