Yüngül atletlərimiz medal sayımızı artırdılar
27 sentyabr 2013 19:54
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Azerisport.az xəbər verir ki, yarışlarda Azərbaycan idmançıları da öz qüvvələrini sınayırlar.
Yarışların beşinci günündə ölkəmizi təmsil edən idmançılar daha üç medal əldə ediblər. Yüngül atletika yarışlarında 18 yaşlı Yekaterina Sarıyeva və Hayle İbrahimov qızıl medala sahib çıxıb. Layeş Abdullayeva isə bürünc medalla kifayətlənib.
Beləcə, Azərbaycanın medal sayı 17-yə çatıb. Bundan öncə yüngül atletika yarışlarında Dmitri Marşin də bürünc medal qazanmışdı. Ağır atletika yarışlarında Silviya Angelova, İntiqam Zairov və Əfqan Bayramov gümüş, Zülfüqar Süleymanovla Namiq Cəlilov isə bürünc medal qazanmışdı. Üzgüçülük yarışlarında Boris Kirilov 200 metr məsafəyə arxasıüstə üzmədə çempion olub. Yevgeni Lazuka 100 metr məsafərə batterflyay üsulla üzmədə bürünc, 50 metr məsafəyə yarışlarda isə gümüş medal qazanıb. Karate yığmamızın üzvlərindən Rafael Ağayevlə Ayxan Mamayev qızıl, Şahin Atamovla Niyazi Əliyev isə gümüş medal qazanıb. Komanda yarışlarında da karate yığmamız qızıl medal əldə edib.
Azərbaycan İslamiadada bütövlükdə 6 qızıl, 6 gümüş və 5 bürünc medal qazanıb.