Boksçu qızlarımız da yarışa uğursuz başladılar
16 aprel 2014 15:22
Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən boks üzrə gənclər arasında dünya birinciliyində oğlanların yarışında iki idmançımız mübarizəni dayandırıb. Azerisport.az xəbər verir ki, Tayfur Əliyevin ardınca, Orxan Əliyev də (60 kq) yarışla vidalaşmalı olub.
Boksçumuz Serbiya təmsilçisi Florian Saboyla dueldən məğlub ayrılıb - 1:2. Bu gün isə gənc qızlar rinqə çıxıblar. Ancaq Aliyə Vəlizadə (51 kq) və Məryəm Cəbrayılovanın (60 kq) çıxışı uğursuz alınıb. Vəlizadə Tunis nümayəndəsi Amel Çhebbiyə məğlub olub. Cəbrayılova isə bərabər mübarizə şəraitində keçmiş qarşılaşmada ukraynalı Angelina Bondarenkoya uduzub - 1:2.
Günorta proqramında Şamil Əliyev nəyə qadir olduğunu göstərməyə çalışacaq. Milli komandamızın üzvü Bakı vaxtı ilə 18:10-da yaponiyalı Ren Umemura ilə üz-üzə gələcək.
Axşam proqramında Roman Zakirov (69 kq) dünya birinciliyində ilk görüşünə çıxacaq. Onun rəqibi Macarıstan boksçusu Bernard Barsoni olacaq.