Rusiya da DÇ ilə vidalaşdı, qrup mərhələsi yekunlaşdı
DÇ-2014-də qrup mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, G və H qruplarında baş tutan matçlar üçüncü turun son matçları olub.
Əvvəlcə G qrupunda son iki matç baş tutub. Qrup lideri Almaniya alman mütəxəssisin çalışdırdığı ABŞ millisi ilə üz-üzə gəlib. Oyun ərəfəsində hər iki komandanın aktivində 4 xal vardı. Heç-heçə hər iki komandanı 1/8 finala çıxarırdı. Lakin amerikalılar qrupdan lider kimi çıxmaq istəyirsə, mütləq qalib gəlməliydilər. Almanlar buna imkan verməyiblər və minimal hesablı qələbə sayəsində lider olublar.
Digər oyunda isə Portuqaliya və Qana üz-üzə gəlib ki, bu komandaların pley-off şansları çox aşağıydı. Xüsusilə də, Portuqaliyanın. Belə ki, Pireney təmsilçisi 1/8 fianala vəsiqə qazanmaq üçün Qananı 3 top fərqi ilə məğlub edib, ABŞ-ın da Almaniyaya 2 top fərqi ilə uduzmasını gözləməliydi. Qana isə 2 top fərqi ilə qalib gələcəyi, ABŞ-ın da almanlara uduzacağı halda növbəti mərhələyə çıxa bilərdi. Ancaq almanların qələbəsi digər variantların hamısını heçə endirib. Nəticədə, Almaniya və ABŞ müvafiq olaraq 1 və 2-ci yerlə növbəti mərhələyə vəsiqə qazanıblar.
H qrupuna gəlincə, demək olar ki, qrupdan çıxma şanslarını itirən Cənubi Koreya Belçika ilə üz-üzə gəlib. Avropalılar bu oyuna əsasən, liderlik məqsədilə yanaşırdı. Gözlənildiyi kimi, Belçika son matçından da qalib ayrılıb və qrupdan yüzfaizlik nəticə ilə çıxıb.
Əlcəzair - Rusiya qarşılaşması isə gərgin keçib. Çünki qalib gələn komanda pley-offa yüksələcəkdi. Afrika ölkəsinə hətta heç-heçə də kifayət edirdi. Qarşılaşmada hesabı ruslar açsa da, şimal qonşularımız erkən qolun davamını gətirə bilməyiblər. Fasilədən sonra hesabı bərabərləşdirən Əlcəzair pley-offa çıxıb.
DÇ-2014
Qrup mərhələsi
26 iyun
G qrupu
Portuqaliya – Qana - 2:1
Qollar: Boy, 31-öz qapısına, Ronaldo, 80 - Qyan, 57.
ABŞ – Almaniya - 0:1
Qol: Müller, 55.
G qrupundakı son durum: Almaniya - 7, ABŞ, Portuqaliya - 4, Qana - 1.
H qrupu
Əlcəzair – Rusiya - 1:1
Qollar: Slimani, 60 - Kokorin, 6.
Cənubi Koreya - Belçika - 0:1
Qol: Vertongen, 78.
H qrupundakı son durum: Belçika - 9, Əlcəzair - 4, Rusiya - 2, Cənubi Koreya - 1.