“Suares ailəsini və ölkəsini hörmətdən saldı”
Luis Suaresin italiyalı müdafiəçi Cocio Kyellininin çiynini dişləməsi məsələsi futbol ictimaiyyətinin gündəminə çevrilib. Azerisport.az xəbər verir ki, İngiltərə millisi və "Mançester Yunayted" klubunun sabiq futbolçusu Pol Skoulz da Uruqvay yığmasının hücumçusunun hərəkətinə münasibət bildirib.
O, Suaresin bununla klubunu, ölkəsini və ailəsini gözdən saldığını deyib: "Suares 2013-cü ilin aprelində "Çelsi"nin müdafiəçisi Branislav İvanoviçi dişlədiyi üçün 10 oyunluq cəzalandırılmışdı. Görünür, bu cəza ona kifayət etməyib. İtaliya ilə oyunda etdiyi hərəkətlə klubunu, ölkəsini və ailəsini gözdən saldı. Dünya çempionatının sonuna qədər cəzalandırılması onun üçün az olacaq. Çünki onsuz da Kolumbiya millisi 1/8 finalda Uruqvayı məğlub edəcək".
Qeyd edək ki, Kolumbiya - Uruqvay oyunu iyunun 28-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.