Mundialda qalmaqal: FİFA dopinqə göz yumub?
DÇ-2014-də dopinq qalmaqalı baş qaldırıb. Azerisport.az xəbər verir ki, Hollandiyanın İspaniya üzərindəki 5:1 hesablı möhtəşəm qələbəsi ilə bağlı ortaya atılan iddia aləmi bir-birinə vurub.
ESPN-in iddiasına görə, qarşılaşmadan sonra Hollandiyanın 6 futbolçusundan alınan dopinq testlərinin pozitiv çıxdığı məlum olub və FİFA məsələyə nədənsə etinasız yanaşıb. FIFA-nın dopinq testləri üzrə cavabdeh həkimi Giorgio Bertoluççi məsələyə belə münasibət bildirib: “Əldə edilən testlərdən sonra Belçikadan 1, Hollandiyadan isə 6 futbolçunun testi pozitiv çıxdı. Bu oyunçularda fiziki vəziyyəti artıracaq dərmanlara rast gəlinib. Lakin sadəcə olaraq futbolçulara pul cəzaları verildi və onlar diqqət altına alındılar. Belçika və Hollandiyanın 2 həkimini komandalarından xaric etdirdik”.
Məsələylə bağlı İspaniya millisinin baş məşqçisi Visente del Boske də fikirlərini bildirib: “Bu iyrənc hekayə haqqında söylənəcək söz tapa bilmirəm. Steroidlərdən istifadə edən futbolçulara məğlub olmaq… Həyat həmişə ədalətli deyil, amma FIFA bu qərarından utanmalıdı. Bu vəziyyəti ört-basdır etmək üçün görəsən kimlər rüşvət verib”.