Elnur Abdullayev: İnter yarımfinal şansını əldən verməməyə çalışacaq
"İnter"in yarımmüdafiəçisi Elnur Abdullayev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi səfərdə çətin oyun gözləyir. "Kəpəz" evdə azarkeşlərinin dəstəyi sayəsində uğur qazanmağa çalışacaq. Düzdür, Gəncə stadionunun qazonu futbol oynamaq üçün əlverişli deyil, amma sonadək mübarizə aparmalıyıq. İlk oyunda 2:0 qalib gəldiyimizə görə, bizim üstünlüyümüz var. Bu üstünlüyü əldən verməməyə çalışacağıq. İnanıram ki, yarımfinala çıxmaq şansını əldən verməyəcəyik. Özümüzə inanırıq. Çünki "İnter" Premyer Liqanın lideri "Qarabağ"dan 4 xal almağı bacarıb. "Kəpəz"lə oyundan öncə məhz "Qarabağ"la qarşılaşmışıq və hava şəraitinin pis olmasına baxmayaraq, xal qazanmağı bacardıq".