Xaqani Məmmədov: Mənim ona inanmamaq üçün heç bir əsasım yox idi
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Əliyar Ağayevin birinci kateqoriyaya yüksələcəyinə dair dediyi sözlərin doğrulmamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hakimlərin siyahısı ildə iki dəfə dəyişir. UEFA Hakimlər Komitəsinin üzvlərindən biri mənə demişdi ki, Ağayev bu dəfə birinci kateqoriyada yer alacaq. Mənim ona inanmamaq üçün heç bir əsasım yox idi. Ona görə də belə bir açıqlama vermişdim. Ötən gün UEFA HK hakimlərin yeni siyahısını açıqlayıb və burada heç bir dəyişiklik olmayıb.Yalnz üçüncü kateqoriyaya yeni hakimlər əlavə olunub. Mənə də bu barədə UEFA HK-nın digər üzvü Nikolay Levnekov məlumat verdi. O da bizim kuratorlardandır. O, mənə bildirdi ki, Əliyarı 2017-ci ildə böyük turnirlər gözləyir. Bu da onun birinci kateqoriyaya yüksələcəyinə inamı artırır. UEFA hər ilin fevralında elit və birinci kateqoriya hakimləri üçün seminarlar keçirir. Oraya Əliyarın da dəvət alması gözlənilir. Bu təklif gəlsə, özünüz də bunun nə demək olduğunu başa düşəcəksiniz".