Robert Prosineçki: Qarabağ yaxşı şansı əldən verib, indi isə çətin olacaq
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki azerisport.az saytının suallarını cavablandırıb:
- Topaz Premyer Liqasının 13-cü turunun "Qarabağ" - "Qəbələ" matçını izləməməyiniz nə ilə bağlı idi?
- Bu oyuna getmək istəmirdim (gülür). Ciddi olsaq, həmin vaxt xəstələnmişdim. İndi isə artıq hər şey qaydasındadır.
- Millimiz üçün qış toplanışı nəzərdə tutulub?
- Toplanış barədə hələ heç nə deyə bilmərəm. Komandanı toplamaq çətin olacaq. Çünki klublar həmin vaxt toplanışda olacaqlar. Hamını bir araya gətirə biləcəyimiz "pəncərə" tapa bilmirik.
- "Qarabağ"ın bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "Fiorentina"sı ilə oyundakı şansları barədə nə düşünürsünüz?
- Yaxşı şans Çexiya "Slovan"ı ilə səfər oyununda var idi. Amma bu gün çətin olacaq. Şans var, lakin "Fiorentina"ya qalib gəlmək asan olmayacaq. Maksim Medvedev, Migel Madera yoxdur. Rəşad Sadıqov xeyli müddətdir zədə səbəbindən məşq etmir, oynamır. Qurban Qurbanov güclü məşqçidir və ümid edirəm ki, o, komandasını toparlamağı bacaracaq.
- Yenidən futbola qayıdan Cavid Hüseynovun çıxışı barədə nə düşünürsünüz?
- Hələ o, cəmi bir neçə oyun keçirib. Bu üzdən də nəticə çıxarmaq üçün çox tezdir. Ona vaxt lazımdır.