Elxan Abdullayev: Onu çox ciddi cəza gözləyir
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bu gün ölkənin ən güclü komandasına qarşı oynayırdıq. Ona görə də beş müdafiəçili sxem seçmişdik. "Qarabağ"la açıq futbol oynamaq olmazdı. İlk qol epizodu zamanı iki müdafiəçimiz eyni anda rəqib futbolçunun üstünə getdi, Rahidin önündə isə boşluq yarandı. O da dəqiq zərbə ilə hesabı açdı. Bütövlükdə, komandamın oyunundan razıyam. Uşaqların böyük istək və həvəslə oynadıqları görünürdü. Yenilərə gəlincə, Boban Baykoviç ciddi səhvlə yadda qalmadı. Jonas Pessalli isə cəmi 10 dəqiqə meydanda oldu və onun barəsində dəqiq nəsə demək olmur".
Qarşılaşmanın son saniyələrində meydana daxil olan azarkeşlə Katalin Tira arasında baş verənlərə də toxunan Abdullayev məsələyə belə münasibət bildirib: "Doğrudan da xoşagəlməz epizoddur. Təəssüf ki, belə hallar olur. Tiranı çox ciddi cəza gözləyir. Dəqiq hansı cəza veriləcəyini indi söyləyə bilmərəm. Əlbəttə, azarkeş də belə hərəkət etməməlidir. Amma futbolçu da özünü futbolçu kimi aparmalıdır, rinqdəki döyüşçü kimi yox. Onun komandadan kənarlaşdırılması tamamilə mümkündür". (CBC)