Rəşad Sadıqov: Sınaqdan üzüağ çıxmağı bacardıq
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-u üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Komanda bu qələbə sayəsində özünə gələ bildi?
- Artıq bundan sonrakı oyunlarda daha diqqətli olmalıyıq. Çünki PAOK-la səfər matçı daha çətin keçəcək. Həmin oyuna da yaxş hazırlaşmalıyıq.
- İlk 15 dəqiqədə çox həyəcanlı görünürdünüz...
- Oyuna hazır deyildim. Matç öncəsi cəmi bircə məşqə çıxmışdım. Baş məşqçi dedi ki, oynamalısan. Halbuki, bir həftə idi məşq etmirdim. Hazır olmadığımı bilirdim. Amma hər şey geridə qaldı. Bu sınaqdan üzüağ çıxmağı bacardıq.
- "Qarabağ" hesabı açandan sonra rəqib ruhdan düşdü...
- Rəqib ilk yarıda çox pressinq edirdi. Biz buna görə çox çətinliklə üzləşdik. İkinci yarıda isə daha yaxşı oynadıq. Əsas odur ki, qələbə qazandıq və qol buraxmadıq. Oyundan öncə bu barədə çox düşünürdüm. Çünki sonda vurulan və buraxılan qollar da həlledici ola bilər.
- Yunanıstandakı oyundan nə gözləyirsiz?
- Orada tam fərqli oyun olacaq. PAOK öz meydanında başqa cür oynayır. Onların güclü azarkeş ordusu da var.
- PAOK-un qarşıdakı çempionat oyununa baxacaqsız?
- Qarşıda bizi də "Neftçi" il vacib oyun gözləyir. İmkan olsa, rəqibin də oyununa baxacağam.
- Azarkeşlər barədə heç nə demədiniz...
- Dəstəyə görə hər birinə təşəkkürümü bildirirəm. Bu qədər azarkeş olacağını gözləmirdim. Qazonun vəziyyətindən də razı qaldım.