Yaşar Vahabzadə: Qarabağ qrupdan çıxmaq istəyirsə, bu gün PAOK-a qalib gəlməlidir
Azərbaycanın U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadə "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyunlardakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər iki komandamıza uğurlar arzulayıram. İnanıram ki, onlar müsbət nəticələr qazana biləcəklər. "Qəbələ"yə Fransada "Sent-Etyen"lə mübarizə aparmaq çətin olacaq. Həm də komandamız oraya ciddi itkilərlə yollanıb. Əvvəlki hər iki oyununda uduzduqlarını nəzərə alsaq, qrupdan çıxmaq üçün qəbələlilərin artıq xal və xallar qazanmaq vaxtıdır. Premyer Liqada yaxşı çıxış edirlər. Fikrimcə, Avroliqa matçında da müsbət nəticəyə ümid yeri var. "Qarabağ" isə Yunanıstan PAOK-una doğma meydanda mütləq qalib gəlməlidir. Ağdamlılar öz oyunları ilə belə rəqiblərə qalib gələcək gücdə olduqlarını göstəriblər. Komandamız qrupdan çıxmaq istəyirsə, bu gün meydanı maksimum xalla tərk etməlidir".