Rəşad Sadiqov: Mayntsa güclü olduğunu hər dəqiqə sübut etdi
"Qəbələ"nin kapitanı Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Maynts" klubuna qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- Oyun barədə nə deyə bilərsiniz?
- Fasiləyə məğlub yollansaq da, ikinci hissədə görüşdə dönüş yarada bildik. Yaxşı oynadıq. Amma üstünlüyümüzü sonadək qorumağı bacarmadıq.
- Qələbə üçün nə çatmadı?
- Rəqibimizin Bundesliqa təmsilçisi olması elə hər şeydən xəbər verir. Onlar güclü olduqlarını hər dəqiqə sübut edirdilər.
- Ötən mövsüm Dortmund "Borussiya"sına uduzdunuz, bu mövsüm "Maynts"a. Yəqin ki, artıq alman klublarını sevmirsiniz...
- (gülür) Xeyr, elə hiss yoxdur. Sadəcə, almanlara qarşı oynamaq çox çətindir. Onlar maşın kimidirlər, bir saniyə də dayanmırlar.
- İkinci hissədə özünə bənzəmirdiniz. Nə baş vermişdi?
- Bunun günahı rəqibdədir. Bir daha qeyd edirəm ki, onlara qarşı mübarizə aparmaq çox çətin idi. Sakit oynamağa imkan vermirdilər.
- Ardıcıl ikinci məğlubiyyətlə üzləşdiniz. Qrupdan çıxmaq bu gedişlə mümkünsüz olacaq...
- Güclü qrupa düşmüşük. Burada zəif komanda yoxdur. Bütün rəqiblərimiz güclüdür. Buna baxmayaraq, biz öz meydanımızda istənilən rəqibdən xal ala bilərik. Sadəcə, bu gün alınmadı.
- Şansınızın azalması barədə heç nə demədiniz...
- Gerçək yanaşsaq, təbii ki, qrupdan çıxmaq çox çətin olacaq. Amma bu xal itkilərini qarşıdakı oyunlarda kompensasiya etməyə çalışacağıq.
- "Qəbələ" elə də böyük olmayan bir stadionu niyə doldura bilmir?
- Bu sualı başqalarına verməyiniz yaxşı olardı (gülür). Biz də stadionun tam dolmasını istəyirik. Bu gün stadion tam dolmasa da, atmosfer yaxşı idi. Azarkeşlərin dəstəyini hiss etdik.