Muarem Muarem: Avropa Liqasında qrupdan çıxacağımıza inanıram
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matçla bağlı fikirləriniz...
- Yaxşı oyun alındı. İlk dəqiqələrdən bir qədər çətinliklə üzləşdik. Çünki rəqib matça yaxşı başlamışdı. Amma sonradan iki qol vurduq və qalan dəqiqələr bizim üçün daha asan oldu.
- Belə çıxır ki, mövsümün ən asan qələbəsini qazandınız?
- Kənardan elə görünə bilər. Amma meydanda olan futbolçu kimi, heç də belə olmadığını deyə bilərəm.
- Matçın startında zədə aldınız. İndi vəziyyətiniz necədir?
- Həmin epizodda ayağımda ağrı hiss etdim. Amma fikir vermədim və oyunu davam etdirdim.
- Həmin epizodda əvəzlənəcəyiniz gözlənilsə də, bu, fasilədə baş verdi. Bunu Qurban Qurbanov istədi, ya özünüz?
- Çox az oynadığımı nəzərə alsaq, özüm də meydanı tərk etmək istəmirdim. Baş məşqçiyə də oyunu davam etdirmək istədiyimi bildirdim. Amma sonradan fizioterapevtlə danışdıq. O, bildirdi ki, oyunu davam etdirsəm, vəziyyət daha da qəlizləşə bilər. Həm də qarşıda çox vacib oyunlarımız var. Buna görə də əvəzlənməyim qərara alındı.
- Avropa Liqasının qrup mərhələsinə Çexiya "Slovan"ı ilə heç-heçəylə start verdiniz. Matçın bu qədər çətin alındığını nəzərə alsaq, qrupdan çıxmaq şanslarınız barədə nə deyərdiniz?
- Biz pis oyun keçirmədik, sadəcə, bəxtimiz gətirmədi. Elə ilk saniyələrdə qapımızda qol gördük. Amma vaxtında toparlanıb, cavab qolunu vura bildik. Fikrimcə, çox yaxşı oynadıq. Belə davam etsək, qrupdan çıxacağımıza inanıram.
- Növbəti oyun səfərdə İtaliya "Fiorentina"sına qarşı olacaq...
- Bizi ağır matç gözləyir. Onların Yunanıstan PAOK-u ilə oyununa baxmışam. "Fiorentina" doğrudan da təcrübəli vəgüclü komandadır. Aydın məsələdir ki, meydana qələbə üçün çıxacağıq. Amma Florensiyada heç-heçə də bizim üçün pis nəticə olmayacaq.
- Sizi çoxdandır Makedoniya yığmasına çağırmırlar. Milli karyeranızın bitdiyini demək olar?
- Belə düşünmürəm. Onlar elə düşünürlərsə, fikirlərinə hörmətlə yanaşıram. Amma hər zaman millidən dəvət gözləyirəm.