“Emin Mahmudovla Ramil Şeydayevdən daha yaxşı oyun gözləməyə dəyər”
Azərbaycan yığmasının sabiq futbolçusu Vidadi Rzayev millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı keçirəcəyi oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Futbol indi elə dəyişib ki, heç bir rəqiblə oyunda öncədən qələbə qazanacağına zəmanət vermək olmur. İndi hamı müdafiə olunmağı bacarır. Hansısa komandaya qol vurmaq çox çətinləşib. San Marino zəif rəqib hesab olunur. Amma hər şey o qədər də asan olmayacaq. Qələbə qazanmaq üçün xeyli güc sərf etmək lazım gələcək. Lakin mən də hesab edirəm ki, artıq millimizin böyük turnirlə iştirak etmək vaxtı çatıb. Niyə də DÇ-2018-ə vəsiqə qazanmaq barədə düşünməyək? Düzdür, qrupumuz çox çətindir. Güclü komandalar var. Amma müasir futbolda sürprizlər də çoxdur".
Rzayev milli komandamıza yeni dəvət olunan Ramil Şeydayevlə Emin Mahmudovun bu yolda yığmamıza nə dərəcədə faydalı olacağından da söz açıb: "Onlar Azərbaycan yığmasının yeni nəsli hesab olunurlar. Rusiya futbol bizimkindən daha güclüdür. Deməli, Eminlə Ramildən də yaxşı oyun gözləmək olar. Yığma komandanın yeni seçmə mərhələdə daha güclü olacağını gözləyirik".
Qeyd edək ki, San Marino - Azərbaycan matçı sentyabrın 4-də keçiriləcək.