Azər Əliyev: Azərbaycan yığmasında oynamaq təklifi almışam, amma qərar verməyə tələsmirəm
Rusiyanın "Yenisey" klubunun yarımmüdafiəçisi Azər Əliyevin azerisport.az saytına müsahibəsi
- Bizdə olan məlumata görə, sizin Azərbaycan yığmasında oynamaq şansınız var. Bu, doğrudur?
- Bəli, elədir. Bunu inkar etmirəm. Belə bir variant var.
- AFFA-dan sizə rəsmi təklif gəlib?
- AFFA-dan zəng ediblər. Azərbaycandan Krasnoyarska gələn adamlarla da yığmada oynamaq barədə məsləhətləşmişəm.
- Azərbaycan yığmasında oynamaq istəyərdiniz?
- Əlbəttə. Bu varianta baxıram.
- Bəs buna problem yaradacaq hansısa amil var?
- Azərbaycan yığmasında oynamağı özüm də istəyirəm. Amma bir məqam var ki, ona görə konkret cavab verə bilmirəm. Fikrimcə, yaxın gələcəkdə bütün məsələlər dəqiqləşəcək.
- Azərbaycan yığması barədə nə bilirsiniz?
- Komandanın nəticələri ilə maraqlanıram. Oyununa da baxmışam. Fikrimcə, yığmada çıxış edən futbolçuların səviyyəsi kifayət qədər yaxşıdır.
- Bu yaxınlarda Ramil Şeydayevlə Emin Mahmudov da Azərbaycan yığmasında oynamağa qərar verdilər...
- Bəli, bundan xəbərim var. Düzdü, bu futbolçularla şəxsən tanışlığım yoxdur. Amma hər ikisini yaxşı futbolçu hesab edirəm.