Əmrah Çəlikəl: Qrupda oynayacağımıza inanırdıq
"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveç "Qöteborq"una qarşı keçirilmiş oyundan (3:0, ilk oyun 0:1) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Uğur qazandığımız üçün şadıq. Ümid edirəm ki, Azərbaycanın hər iki klubu Avropa Liqasında oynayar. Düzünü desəm, qrup mərhələsinə vəsiqə qazanacağımıza inanırdıq. Amma bir az gərginlik var idi. Uşaqlar, Qurban Qurbanov sağ olsun, jurnalistlərə də dəstəyə görə minnətdaram. Meydançanın problemli olduğuna dair fikirlərlə razıyam. Hava şəraitindən hamımız xəbərdarıq. Biz də yaxşı meydanda oynamaq, çox qol vurmaq istəyirik. Hələ Olimpiya stadionunda oynayacağımıza dair söz verə bilmərəm. Tahir Gözəl bu gün oyunu xaricdə olduğuna görə izləmədi. Amma televiziya vasitəsilə baxıb və oyundan sonra hamımızı təbrik etdi. Növbəti oyunlarımızda bizimlə olacaq. Yeni transferə gəlincə, bu barədə qərarları Qurban Qurbanov verir. Klub rəhbərliyi, sponsorlar da komandanın arxasındadır".