Rəşad Sadıqov: Qorxurduq ki, bu dəfə də alınmaz
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveç "Qöteborq"una qarşı keçirdikləri cavab oyunundan (3:0, ilk oyun 0:1) sonra azerisport.az saytının da suallarını cavablandırıb:
- Matçla bağlı fikirləriniz?
- Azarkeşlərimizi təbrik edirəm. Komanda böyük təzyiq altında idi. Buna görə çox həyəcanlı idik. Oyun var idi, nəticə yox idi. Qorxurduq ki, bu dəfə də alınmaz. Amma qələbə qazanmağı bacardıq və qrup mərhələsinə vəsiqə qazana bildik.
- Belə böyük hesabla qalib gələcəyinizi gözləyirdiniz?
- Xeyr. Oyunun 120 dəqiqə davam edəcəyini düşünürdük. Amma ilk hissədə iki qol vurmağı bacardıq.
- İlk qolu siz vurdunuz. Bunu öncədən planlaşdırmışdınız?
- Oyundan öncə belə qərara gəlmişdik. Qurban Qurbanov bizdən daha çox standart vəziyyətlər üzərində işləməyi tapşırmışdı. Biz də künc zərbələri üzərində çalışmışdıq.
- Qazonun durumu oyuna çox təsir etdi?
- Meydança pis vəziyyətdə idi. Amma şərtlər hər iki komanda üçün eyni idi. Biz necə gəldi oynamaq istəmirdik. Gözəl futbol sərgiləmək istəyirdik ki, azarkeşlər oyundan həzz alsınlar.
- Bədavi Hüseynovun yoxluğu sizə əlavə çətinlik yaşatmırdı?
- Bu barədə heç nə deyə bilmərəm. Elvin Yunuszadə yaxşı idi. Baxmayaraq ki, uzun müddət idi avrokuboklarda çıxış etmirdi.
- Niyə vurduğunuz qola sevinmədiniz?
- Heç özüm də bilmirəm top qapıya necə getdi. Qol olduğunu sonradan gördüm.