Qurban Qurbanov: Bu mövsüm qrup mərhələsində daha sərbəst çıxış edəcəyik
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveç "Qöteborq"una qarşı cavab oyunundan (3:0, ilk oyun – 0:1) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
- Oyunçularımı təbrik edirəm. Onlar öz işlərini ən yaxşı şəkildə gördülər. Əla azarkeş dəstəyimiz də var idi. Çexiya "Viktoriya"sı ilə oyunlardan sonra özümüzə gəlməyi bacardıq. Təcrübə və soyuqqanlılıq tez toparlanmağımıza kömək etdi. Ardıcıl üçüncü ildir qrup mərhələsinə vəsiqə qazanırıq. Ümid edirəm ki, "Qəbələ" də mərhələ keçəcək. İlk oyunda rəqibi daha da yaxşı tanımağa nail olduq. Cavab oyununda isə bundan yararlandıq. Rəqib daha çox müdafiə haqda düşünürdü. Amma biz bu dəfə daha çox hücum qurduq.
- Qrup mərhələsindən nə gözləyirsiniz?
- Hələ püşkatmanı gözləyirik. Ümid edirəm ki, bu dəfə özümüzü daha sərbəst çıxış edəcəyik.
- İsveç klubunun baş məşqçisi dedi ki, "Mançester Yunayted"lə düşsəniz, onları məğlub edin...
- Bizim öz arzularımız var. Biz öz hədəflərimiz uğrunda mübarizə aparırıq, başqaları üçün yox.
- Qazonun vəziyyəti pis idi. Olimpiya stadionuna köçmək fikriniz yoxdur?
- Oyunun gedişində bu, məni də narahat etdi. Oyunçularımızın zədə alacağından qorxurdum. Şadam ki, zədəsiz ötüşdük. Hələ heç nə deyə bilmərəm. UEFA nümayəndələri də bundan narazı qaldılar. Ola bilər ki, ilk oyunu evdə keçirmək məcburiyyətində qalsaq, onun səfərə keçirilməsini xahiş edək. Amma biz bu arenaya alışmışıq. Qazon pis olsa, alternativ variantlar axtaracağıq.
- Elvin Yunuszadə ilə bağlı nə fikirdəsiniz?
- O, üç mərkəz müdafiəçimizdən biridir. Böyük təcrübəsi var. Xarakterində bir az zəiflik var. Amma nəsə problemi olsa belə, ona güvənirik. Onun borcu şans gözləmək, özünü sübut etməkdir.
- Bədavi Hüseynov olmayanda müdafiədə problemləriniz olur...
- Biz yeni mərkəz müdafiəçisi ilə maraqlanırdıq. Amma digər oyunçuların da yolunu bağlamaq istəmirik. Həm də legionerlərə limit var. Lakin yaxşı variant olsa, yeni müdafiəçi alarıq.
- Bədavi Hüseynovun zədəsi nə dərəcədə ciddidir?
- Köhnə zədəsidir. O, hələ "Neftçi" ilə oyunda zədələnmişdi. Bu üzdən də mümkün qədər ehtiyatlı olmağa çalışırıq.
- Digər klublardan təklif almamısınız?
- Təklif yoxdur. Heç bu barədə danışmıram da. Ölkənin reytinqi də buna xüsusi imkan yaratmır.