Yorgen Lennartsson: İlk oyunda da sübut etdik ki, Qarabağı keçə bilərik
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la cavab matçına çıxacaq İsveçin "Qöteborq" klubunun baş məşqçisi Yorgen Lennartsson bu gün mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
- Bakıda olduğumuz üçün şadam. Qarşıdakı oyunu səbrsizliklə gözləyirik. Amma bizim yaxşı şansımız var. Əsasən müdafiəyə diqqət yetirəcəyik, amma qol da vurmağa çalışacağıq. Qol vursaq, "Qarabağ" üç top vurmalı olacaq. İlk oyunda qapımızı toxunulmaz saxlamaqla vacib iş gördük.
- Stadionla tanış oldunuz. Sabah dolu tribunalar qarşısında oynamaq sizə problem yaratmayacaq?
- Mən özüm də dolu tribunalar qarşısında oynamağımızı istəyirəm. Bu, daha maraqlı olardı.
- Siz bu mərhələdə "Qarabağ"ın əvəzində Çexiya "Viktoriya"sı ilə qarşılaşmaq istərdiniz?
- Fərqli komandalardır. Bizim üçün kiminlə düşməyin fərqi yox idi. "Qarabağ"ın "Viktoriya" ilə oyunlarını izləmişəm. Xeyli qol vəziyyətlərini oldu. Bu mənada "Qarabağ"ı başa düşürəm. Fikrimcə, "Qarabağ" indi ÇL-də oynamalı oldu.
- Sabah meydan sahiblərinin əsas üstünlüyü doğma meydan amilidir. Bəs sizin?
- İlk oyundakı qələbə. Sabah daha bir qol vurub, əlavə üstünlük qazanmalıyıq. "Qarabağ" yaxşı komandadır. Amma biz evdə sübut etdik ki, bu komandanı keçə bilərik.