Rahid Əmirquliyev: Artıq tam hazıram
"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi
- "Neftçi" ilə oyunlarınız prinsipiallığı ilə seçilsə də, bu komandaya asanlıqla qalib gəldiniz...
- Bu, kənardan elə görünə bilər. Hava çox isti idi. Belə havada oynamaq çox çətindir. Ona görə də asan qələbə qazandığımızı deməzdim.
- Qarşıda sizi səfərdə uduzduğun İsveç "Qöteborq"u ilə cavab oyunu gözləyir. Öncə ilk oyunla bağlı fikirləriniz maraqlıdır...
- Həmin oyunda da üstünlük bizim tərəfimizdə idi. Amma ələ düşən şanslardan yararlana bilmədik. Amma "Qöteborq"un cəmi iki epizodda qapıya zərbə endirmək imkanı oldu, birini qola çevirdilər. Cavab oyununda qələbə qazanıb, mərhələ keçməyə çalışacağıq. Bizim üçün buna nail olmaq vacibdir.
- "Qarabağ"ın avrokuboklarda az qol vurması nə ilə bağlıdır? Qarşıdakı oyunda bu sindroma son qoymağa məcbursunuz...
- Bu, futboldur, hər şey ola bilər. Amma məşqçilərimiz ilk oyunu analiz ediblər, lazım olan informasiyanı bizə təqdim edəcəklər. İsveçlilərə qarşı necə oynayacağımızı bizə başa salacaqlar. Allah eləsin ki, Bakıda istədiyimiz nəticəni qazana bilək.
- "Qarabağ"a gələndən bəri zədə səbəbindən özünüzü göstərə bilmirsiniz. Bu, komandaya uyğunlaşmağa problem yaratmır?
- Uyğunlaşma baxımından ciddi problem yoxdur. Artıq forma yığmağa başlamışam. Demək olar ki, tam hazıram.
- Sizcə, Premyer Liqanın 8 klubla keçirilməsi çempionata olan marağı daha da azaltmayıb ki?
- Əlbəttə, komanda sayı nə qədər çox olsaydı, çempionata maraq bir o qədər böyük olardı. Digər tərəfdən mövsüm yeni başlayıb. Hələ bəzi komandalar tam formada deyillər. İnanıram ki, qarşıdakı turlarda daha maraqlı oyunların şahidi olacağıq.