Ramil Şeydayev Trabzonsporda ilk qolunu vurdu
28 iyul 2016 00:50
Türkiyənin "Trabzonspor" klubu yeni mövsüm öncəsi təlim-məşq toplanışında ilk yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin də formasını geyindiyi sözügedən klub Macarıstandakı hazırlıq prosesi çərçivəsində Avstriyanın 4-cü liqa təmsilçisi "Gerasdorf"la qarşılaşıb.
Matç trabzonluların 6:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan və sonadək mübarizə aparmaq şansı qazanan Şeydayev komandasının qələbəsinə qolla töhfə verib. Ramil 87-ci dəqiqədə fərqlənməklə matçda son nöqtəni qoyub.
Qeyd edək ki, Şeydayev bir müddət öncə AFFA-ya müraciət edərək Azərbaycan yığma komandasında oynamaq istədiyini bildirib. Hazırda FİFA-nın bu məsələ ilə bağlı hansı qərarı verəcəyi gözlənilir.