Bədavi Hüseynov: Viktoriya ilə oyunlarda səhvsiz oynamalıyıq
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiya "Viktoriya"sına qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Viktoriya" ilə oyunlara hazırıq. Rəqibimiz ciddi komandadır. Səhvsiz oynamalıyıq. Çünki bu komanda səhvlərimizi bağışlamayacaq. Əsas ilk oyunda qol buraxmamaqdır. Bu rəqiblə oyunlar çox çətin olacaq".
Hüseynov ikinci raundda Lüksemburq "Düdelanj"ına qarşı keçirdikləri səfər oyunundan da söz açıb: "Səfərdəki oyun asan olmadı. Amma bunu gözləyirdik. Başa düşürdük ki, rəqibin itiriləsi heç nəyi yoxdur və bizi maksimum təzyiqdə saxlayacaq. Lakin bu görüşə ciddi hazırlaşmışdıq. İlk hissə uğursuz alınsa da, fasilədən sonra toparlana bərabərlik qolunu vura bildik".