Besart İbraimi: Krakoviya Neftçidən daha güclü idi
Makedoniyanın "Şkendiya" klubunun hücumçusu Besart İbraimi Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- Makedoniya hamı sizin "Neftçi"ni keçəcəyinizə inanır?
- Oyuna çox ciddi hazırlaşmışıq. Bəli, hamı bizdən uğurlu nəticə gözləyir, "Neftçi"ni keçəcəyimizə inanırlar. Amma bu, asan olmayacaq. Bizi çox çətin matç gözləyir.
- "Şkendiya" mərhələ keçmək üçün necə oynamağı planlaşdırır?
- Bunu mən sizə necə deyə bilərəm? "Neftçi"yə qarşı necə oynayacağımızı baş məşqçi deyəcək.
- Bakıda komandanız yaxşı oynamışdı?
- Mənim fikrimcə, biz "Neftçi"dən daha yaxşı idik. Yaxşı qol vəziyyətlərimiz də oldu. Təəssüf ki, onlardan yararlana bilmədik. Sadəcə, bəxtimiz gətirmədi.
- Sizcə, 0:0 həmin oyunun ədalətli nəticəsi idi?
- "Neftçi" yaxşı komandadır. Heyətində güclü futbolçular var. Amma "Şkendiya" həmin oyunda yaxşı çıxış etdi. Qələbə qazanmalı idik.
- Amma qolsuz heç-heçə də sizin üçün pis nəticə deyildi. Elə deyilmi?
- Fikrimcə, pis nəticə deyil. İstənilən halda bizim üçün sərfəli nəticə idi.
- Birinci mərhələdə mübarizədən kənarlaşdırdığınız Polşa "Krakoviya"sı güclü idi, ya "Neftçi"?
- Müqayisə aparmaq düzgün olmazdı. Amma istəyirsinizsə, sizə bir sirr açım: "Krakoviya" daha güclü idi.
- "Neftçi"ni keçə bilməsəniz, bunu ölkənizdə necə qarşılayacaqlar?
- Futbolda istənilən nəticə mümkündür. Amma biz uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Necə olacağını oyun göstərəcək.
- Sizcə, "Neftçi"nin heyətində hansı futbolçu sizin üçün daha təhlükəlidir?
- Hücumda təhlükəli oyunçuları var. Daha çox Araz Abdullayevdən xoşum gəldi. Sürətli, texnikalı futbolçudur.
- "Neftçi"də oynamaq istəyərdiniz?
- Azərbaycan gözəl ölkədir. Klubun yaxşı imkanı var. Niyə də belə bir komandada oynamayım ki?