Klublarımızın Avroliqadakı potensial rəqiblərinin nəticələri
Azərbaycanı Avropa Liqasında təmsil edən klubların ikinci təsnifat mərhələsinə yüksələcəyi halda qarşılaşacağı potensial rəqibləri də Avropa Liqasında ilk oyunlarını keçiriblər. Azerisport.az sizi həmin nəticələrlə tanış edir.
Gürcüstan "Samtredia"sına Bakıda 5:1 hesabıyla qalib gələn "Qəbələ"nin növbəti mərhələdə üzləşəcəyi komandaların ilk matçı sülhlə bitib: "Aktobe" (Qazaxıstan) - MTK (Macarıstan) – 1:1.
"Neftçi" Malta "Baltsan"ını keçsə (ilk oyun 2:0), böyük ehtimalla Makedoniya "Şkendiya"sı ilə qarşılaşacaq. Çünki bu komanda doğma meydanda Polşa "Krakoviya"sına 2:0 hesabı ilə qalib gəlib.
Moldova "Daçiya"sı ilə Bakıda qolsuz heç-heçə edən "Kəpəz"in də potensial rəqibləri ilk oyunda heç-heçə ediblər. "Admira" (Avstriya) - "Spartak" Miyava (Slovakiya) duelində tərəflər hərəyə bir qol vurublar.