Rauf Əliyev: Qarabağ Düdelanjı keçməyə borcludur
"İnter"in hücumçusu Rauf Əliyev Azərbaycan klublarının avrokuboklardakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klublarımızın avrokuboklardakı rəqiblərinin heç birini yaxşı tanımıram. Mətbuatdan oxumuşam ki, yalnız "Kəpəz"in rəqibi - Moldova "Daçiya"sı bir qədər güclü komandadır. Gəncəlilərin şansları barədə danışmaq çətindir.
Fikrimcə, "Neftçi" və "Qəbələ" öz cütündə favoritdir. Onlar ilk mərhələni adlaya bilməsə, çox pis nəticə olacaq. Düzdür, "Qəbələ"nin ötən mövsüm əldə etdiyi uğuru təkrarlayacağına, qrup mərhələsinə vəsiqə qazanacağına inanmıram. Çünki bu mövsüm onlara bir qədər çətin olacaq. Amma mübarizəni erkən dayandırmalarını da gözləmirəm.
"Qarabağ"a gəlincə, ağdamlılar "Düdelanj"ı keçməyə borcludurlar. Fikrimcə, onlar Lüksemburq klubunu asanlıqla keçəcəklər. Əsas odur ki, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazansınlar. Bütün klublarımıza uğurlar arzulayıram".