Namiq Ələsgərov: Qarabağda əsas heyət üzvü olmaq istəyirəm
Azərbaycan yığmasının və "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərov Avstriya toplanışı çərçivəsində Makedoniyaya qarşı yoxlama oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Zədənizi sağaltmısınız?
- "Zirə" ilə oyunda köhnə zədəm özünü göstərdi. Bir neçə gün istirahət etdim. Artıq iki gündür məşq edirəm. Hər şey qaydasındadır.
- Yəqin ki, buna görə sizi Makedoniya ilə oyunda start heyətdə görməyəcəyik...
- Demək çətindir. Ola bilsin ki, elə oldu. İstənilən halda Makedoniya ilə oyunda da olmasa, Kanada ilə görüşdə bir az oynamaq istərdim.
- Andorraya qalib gələ bilməyən millimiz Makedoniyanı məğlub edə biləcək?
- Andorraya qalib gəlmək istəyirdik. Belə bir rəqibə qalib gəlmək lazımdır. Amma heyətdə çoxlu yeni oyunçu var. Məşqçilər korpusu məhz onları meydanda görmək istəyirdilər. Əsas məqsəd ehtiyat qüvvəni yoxlamaq idi. Makedoniya ilə oyundan da yaxşı nəticə gözləyirik.
- Rəqib güclüdür. Makedoniya ilə də heç-heçə normal nəticə sayıla bilər?
- Xeyr. Bizim üçün yaxşı nəticə qələbə qazanmağımız olacaq.
- "Kəpəz"lə icarə müqavilənizin müddəti bitib və "Qarabağ"a qayıtmısınız. Bu komandadakı rəqabətə hazırsınız?
- Məni "Qarabağ"da nə gözlədiyini bilirəm. Amma bunu istəyirəm. Komandada öz yerimi tutmaq istəyirəm.
- Çətin ki, Qurban Qurbanov Çempionlar Liqasında heyətlə bağlı eksperimentlərə əl atsın...
- Hədəfim əsas heyət üzvü olmaqdır. Buna nə qədər tez nail olacağımı zaman göstərəcək. Amma mən Çempionlar Liqasında oynamaq istəyirəm.