Ağabala Ramazanov: İnterə keçid karyeramda irəliyə doğru addımdır
Azərbaycan yığmasının hücumçusu Ağabala Ramazanovun azerisport.az saytına müsahibəsi
- Andorra ilə heç-heçə barədə nə deyə bilərsiniz?
- Pis oynamadıq. Birinci hissədə qol vəziyyətlərimiz də oldu. Mənim də qol vurmaq şansım vardı, Budaq Nəsirovun da. Amma vura bilmədik. Bütövlükdə, normal oynadıq. Yoxlama oyunu idi. Artıq bu görüş geridə qalıb. Hazırda Makedoniya ilə oyuna hazırlaşırıq. Ümid edirəm ki, yaxşı oyun sərgiləyəcəyik.
- Mövsüm bitən kimi, "Sumqayıt"ı "İnter"ə dəyişməyiniz necə baş tutdu?
- "İnter"dən hələ mövsümün gedişində dəvət almışdım. Son dövrlərdə başqa klublardan da dəvət vardı. Amma mən "İnter"i seçdim. Ümid edirəm ki, bu seçimimdə yanılmamışam.
- Zaur Svanadze ilə görüşmüsünüz?
- Hələ yox. Millinin toplanışına yollandığımızdan bu, mümkün olmadı.
- Bəs digər klubların dəvətini qəbul etməməyinizə nə səbəb oldu?
- Həm xaricdən, həm də yerli klubdan dəvət almışdım. Amma "İnter" daha ürəyimcə oldu. Mənə elə gəlir ki, seçimim doğru olacaq. Həmişə iddialı komada olub. İstənilən futbolçu belə bir klubda oynamaq istəyər. Bu mövsüm yerli oyunçulardan ibarət heyətlə mübarizə aparacağıq. Ümid edirəm ki, mehriban kollektiv formalaşdıraraq, uğurlu mövsüm keçirəcəyik.
- Yəqin ki, "Sumqayıt"dan "İnter"ə keçməyinizi karyeranızda irəliyə doğru addım hesab edirsiniz?
- Əlbəttə. "İnter"in gücünü hər kəs bilir.
- "Sumqayıt" da sizə yeni müqavilə təklif etmişdi?
- Klub prezidenti Kamran Quliyev mənə yeni müqavilə təklif etdi. Ona təşəkkürümü bildirirəm. Heç bir problem olmadan, normal şəkildə ayrıldıq.
- Mövsüm bitən kimi "Sumqayıt"ı xeyli futbolçu tərk etdi. Bu, komandanın yeni mövsümdəki çıxışına təsir göstərməyəcək?
- Komandada hansısa problem olacağını deyə bilmərəm. Samir Abasov yaxşı məşqçidir, o, yaxşı komanda yaradacaq.
- Sizcə, "İnter"in əsas heyətinə düşə biləcəksiniz?
- Hər şey özümdən asılıdır. Başqalarından yaxşı olsam, oynayacağam. Bunun üçün əziyyət çəkmək lazımdır.
- Robert Prosineçki bu keçidinizlə bağlı sizə nə dedi?
- O, bu keçid münasibətilə məni təbrik etdi. Düzgün seçim etdiyimi bildirdi.