Təbriz Həsənov: Hesab oyuna görə oldu
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Təbriz Həsənov AÇ-2016-nın açılış turunda Portuqaliyaya 0:5 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
- Belə məğlubiyyətə səbəb nədi?
- Belə məğlubiyyət gözləmirdim. Ən çox erkən qol buraxmaqdan ehtiyatlanırdım, o da baş verdi. Təzyiqlə bacarmadıq. Uşaqlar gərgin və həyəcanlı idilər. Hər kəs rəqibin bizi bütün komponentlərdə üstələdiyini gördü. Hesab oyuna görə oldu.
- Komandanı növbəti iki oyuna hazırlamaq çətin olmayacaq?
- Çətin olacaq. Xüsusilə də psixoloji baxımdan. Mənim haqqımda nə istəsəz, yaza bilərsiniz. Ancaq uşaqlara toxunmayın. Bizim hələ qrupdan çıxmaq şansımız qalır. Qarşıdakı iki oyunda qazanacağımız altı xal bizi növbəti mərhələyə çıxara bilər.
- Komanda hazır deyildi? Çünki ardıcıl 3-4 ötürmə edə bilmirdilər...
- Heç kim belə nəticə istəmirdi. Məni nə gözlədiyini yaxşı bilirdim. Əlbəttə, zəif oynadıq. Hazırlıq barədə bütün oyunlar bitəndən sonra danışacağam.
- Portuqaliyalıların baş məşqçisi start heyətdə komandamızın 10 nömrəli futbolçusu Pilağa Mehdiyevi gözlədiyini dedi. Niyə onu ilk dəqiqələrdən meydana buraxmamışdınız?
- O, özünü yaxşı tərəfdən göstərə bilmədiyinə görə ehtiyatda qalmışdı. Bu, heç də tatkiti gediş deyildi. Sadəcə, tam hazır olmadığına görə ikinci hissədə meydana buraxdıq.
- Seçmə mərhələdə oynamadığımızı nəzərə alsaq, bu nəticəni gözlənilən saymaq olar?
- Bu da az əhəmiyyət daşımır. Biz müxtəlif turnirlərə qatılsaq da, yoxlama oyunları keçirsək də, seçmə mərhələ görüşləri tam fərqli olur. Rəsmi oyun gərginliyini hiss edə bilməmişdik.
- Bu qədər legionerlər 0:5 uduzduq. Bəs daha neçə legioner lazımdır ki, 0:2 hesabıyla uduzaq?
- Onların hamısı legioner deyil. Azərbaycanla bağlılığı olanlar da var. Bu gün də məhz xarici çempionatlarda çıxış edən futbolçularımız meydanda daha yaxşı oynamağa çalışırdılar.