Rəşad Qasımov: Dəyişikliyi nəticə olmayanda edirlər
"İnter"in prezidenti Rəşad Qasımov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyunundan (0:1, ilk oyun – 0:4) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- Matçla bağlı fikirlərinizi bilmək istərdik...
- Biz çempionat oyunlarına hazırlaşırıq. Ona görə də cavab matçına əsas heyətdən yalnız 2-3 oyunçumuz çıxmışdı. Əsasən gənclərə şans vermişdik. Fikrimcə, "İnter" keyfiyyətli futbol oynadı. Əfsuslar olsun ki, qol vəziyyətlərimiz olsa da, fərqlənə bilmədik.
- Deyəsən, UEFA-nın məlum qərarından sonra komandada motivasiya qalmayıb...
- Xeyr, elə deyil. Ola bilər ki, kənardan elə görünür. Amma komandamızda motivasiya yüksəkdir.
- Amma kubokun yarımfinalında iki oyunun cəminə görə 5 cavabsız qolla uduzdunuz...
- Gəlin kubok oyunlarını bir kənara qoyaq. Bizim rəqibimiz "Rəvan" deyildi, "Qarabağ" idi.
- "Qarabağ" da cavab matçına əsas heyətlə çıxmamışdı...
- Biz də ikinci heyətlə oynayırdıq.
- "Qarabağ" cütün taleyini həll etdiyi üçün ikinci heyətlə oynayırdı, bəs siz?
- Biz qarşıdakı "Rəvan"la çempionat oyununu düşünürük. Buna görə də kubok matçına belə heyət buraxmışdıq. İlk oyunda 0:4 hesabıyla uduzmuşduq. Məgər həmin hesabdan sonra "Qarabağ"a qalib gəlib, finala çıxa bilərdik? Buna görə də "Rəvan"la oyunu düşünməyimiz tam doğru qərar idi.
- "Rəvan"ı zəif klub hesab edirsiniz?
- Azərbaycan çempionatında zəif rəqib yoxdur. "Xəzər Lənkəran"la "Rəvan" eyni səviyyədə olan rəqiblərdir. Hər iki klub sonuncu pilləni tutmamaq üçün mübarizə aparır.
- Yayda komandada böyük dəyişikliklər mümkündür?
- Xeyr, xüsusi dəyişiklik olmayacaq. Dəyişikliyi nəticə olmayanda edirlər. Qarşıda daha dörd oyunumuz var. Onların nəticəsinə görə də ya üçüncü olacağıq, ya da beşinci.
- "İnter"in legionerlərinin göndəriləcəyi bildirilir...
- Bizim onsuz da çoxlu legionerimiz yoxdur. Yayda bu məsələ ilə məşğul olacağıq.
- Bəs Zaur Svanadze?
- Xeyr, bu baş verməyəcək. Zaur Svanadze getməyəcək. Əlbəttə, hansısa fors-major mümkündür. Sabah biz də işə getməyə bilərik. Amma Svanadze ilə müqaviləmiz var ki, o, "İnter"də qalacaq.