Şahin Diniyev: Azarkeşlərimizi sevindirmək istəyirik
Topaz Premyer Liqasının 32-ci turunda Gəncə şəhər stadionunda “Rəvan” ilə qarşılaşacaq “Kəpəz” oyunun hazırlığını ötən gün keçirilən məşqlə yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, hazırlıq prosesindən sonra “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev qarşıdakı oyunla bağlı klub saytına fikirlərini bölüşüb.
O, öncə rəqibi qiymətləndirib: “Hər oyundan əvvəl dediyim kimi bizim üçün asan rəqib və asan oyun olmur. “Rəvan”ın itirəcək bir şeyi yoxdur və elitada qalmaq üçün səfərə xal arxasınca gəlib. Onların turnir cədvəlində tutduğu yer yox, göstərdiyi oyun bizi narahat edir. Sonuncu turda AZAL-ı məğlub ediblər, daha əvvəl “Neftçi”ni udublar. Bu, artıq bakılıların gücündən xəbər verir. Biz bütün rəqiblərə hörmətlə yanaşırıq, “Rəvan”ı da ciddi rəqib kimi qəbul edirik”.
Təcrübəli çalışdırıcı oyundan gözləntiləri haqda da danışıb: “Sabah hər iki komanda xal üçün meydana çıxacaq. Bizim 3 xala ehtiyacımız var. Azarkeşlərimizi sevindirmək istəyirik. Çempionatın sonuna 5 tur qalıb. Avroliqaya vəsiqə qazanmaq üçün bacardıqca uğurlu şəkildə çıxış etməliyik. Bu yolda ilk rəqibimiz “Rəvan”dır. Rəqibin gücünə bələdik. İkinci dövrədə Gəncədə heç-heçə oynadıq, bununla onlar bizə gücünü göstərmiş oldular”.