Tural Axundov: Razıyam ki, Qarabağ üçün Gəncədə oynamaq çətin olacaq
"Kəpəz"in kapitanı Tural Axundov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyun hər iki komanda üçün çox çətin olacaq. Azarkeşləri də maraqlı qarşılaşma gözləyir. "Qarabağ"a qarşı bu mövsüm keçirdiyimiz əvvəlki oyunlarda uduzmuşuq. Halbuki, hər iki görüşdə ən yaxşı oyunumuzu göstərmişik. Ümid edirəm ki, bu dəfə qalib gələcəyik. Eşitmişəm ki, "Kəpəz"in son oyunlardakı qələbəni Gəncə şəhər stadionunun pis vəziyyətdə olmasının sayəsində qazandığını deyənlər var. Amma stadionumuzun qazonunun pis vəziyyətdə olduğunu deməzdim. Oynamaq olar. Razıyam ki, "Qarabağ" üçün bu cür qazonda oynamaq çətin olacaq. Reynaldonun heyətdə olub-olmamasının da önəmi yoxdur. Çünki "Qarabağ"ın başqa da güclü oyunçuları var. Biz artıq bu stadionda oynamağa alışmışıq. Avrokuboklarda oynamağımıza gəlincə, hələ bu barədə danışmağımız tezdir".